CƏMİYYƏT
Fəal Yaşlanma layihəsinə yaşlılar üçün növbəti intellektual turnirlə yekun vurulub
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) birgə icra etdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində yaşlılar üçün növbəti “Nə? Harada? Nə zaman?” intellektual turniri təşkil edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd yaşlı insanların fəal və sağlam yaşlanmasına dəstək vermək, onların asudə vaxtlarının keyfiyyətli təşkilinə zəmin yaratmaq, eləcə də yaşlanma ilə əlaqədar mövcud stereotiplərin aradan qaldırılmasına töhfə verməkdən ibarət olub.
Turnirin açılışında çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə sosial müdafiə tədbirləri ilə əhatə olunanların mühüm bir hissəsinin də yaşlılar olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin tapşırığına əsasən, həmin kateqoriyaya aid vətəndaşların sosial təminatının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımları diqqətə çatdırıb.
A.Kərimov nazirlik və BMT Əhali Fondunun (UNFPA) birgə icra etdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, layihənin mühüm uğurlarından biri kimi, BMT Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) sonuncu Siyasi İcmal buraxılışında Azərbaycan fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələr sırasında təqdim edilib. Eyni zamanda, layihə çərçivəsində Azərbaycan üçün Fəal Yaşlanma indeksi hazırlanıb. Həmin indeks də yaşlı insanların fəal və sağlam yaşlanma potensialının qiymətləndirilməsində, yaşlı nəslin cəmiyyət həyatında iştirakçılığının daha da artırılması ilə əlaqədar müvafiq sahələrin təkmilləşdirilməsi işlərində əhəmiyyətlidir.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev ötən iki il yarım müddətində icra olunan “Fəal Yaşlanma” layihəsinin yaşlıların həyatına verdiyi töhfələrdən danışıb. Layihənin bitməsinə baxmayaraq, onun müsbət nəticələrinin uzunmüddətli olacağını vurğulayan F.Babayev layihənin həyata keçirilməsində səmərəli əməkdaşlığa görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib. “Əminəm ki, getdikcə daha çox yaşlı insanlarımız fəal yaşlanma anlayışını öz həyatlarının bir hissəsinə çevirəcəklər və bugünkü turnir kimi müxtəlif maraqlı və rəngarəng fəaliyyətlərdə iştirak edərək yaşlanma ilə bağlı ənənəvi stereotiplərin qırılmasına ən böyük töhfəni də özləri vermiş olacaqlar”,- deyə o qeyd edib.
“Üçüncü Bahar” İctimai Birliyinin sədri Leyla Ağayeva bildirib ki, yaşlılar arasında keçirilən budəfəki “Nə? Harada? Nə Zaman?” intellektual yarışması bu qəbildən olan sayca beşinci turnirdir. O, yarışmanın daha geniş auditoriyalar arasında keçirilməsinə şərait yaratdığı üçün layihə tərəfdaşlarına ictimai birliyin adından təşəkkür edib.
Açılış hissəsindən sonra iki turdan ibarət turnir start götürüb. Ümumilikdə hər biri altı nəfərdən ibarət 11 komandanın yarışdığı turnirdə qaliblərə mükafatlar təqdim edilib.
Tədbirin yekununda iştirakçılar xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, "Fəal Yaşlanma” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən layihə yaşlı şəxslərin fəal və sağlam həyat tərzi keçirməsini təmin etmək məqsədilə müxtəlif dəstəkləyici və inklüziv tədbir və proqramların tətbiqini nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində Fəal Yaşlanma İndeksinin hazırlanması, fəal yaşlanma mövzusunda ictimai məlumatlılığın artırılması və təşviqat işlərinin aparılması, eləcə də müştərək yanaşmaya əsaslanan sosial xidmətlər vasitəsilə yaşlıların daha sağlam və müstəqil həyat sürmək imkanının dəstəklənməsinə yönələn müvafiq tədbirlərin pilot qaydada sınaqdan keçirilməsi üzrə bir-biri ilə sıx əlaqəli olan bir sıra fəaliyyətlər həyata keçirilir. Layihə 65 və daha yuxarı yaş kateqoriyasına aid şəxsləri əhatə edir.
2019-2021-ci illəri əhatə edən layihə Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və “Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilib.