CƏMİYYƏT


Fəal gənclərin bir qrupu ilə veteranların görüşü olub

Bakı, 7 fevral, AZƏRTAC

Respublika Veteranlar Təşkilatı gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. Müntəzəm surətdə gənclərlə müxtəlif yerlərdə görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələri və gənclər gününün hərtərəfli təbliğində bilik və təcrübəsini əsirgəmir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 7-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən fəal gənclərlə görüşdə səsləndirilib.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranların isə gənc nəslin nümayəndələrinə tövsiyələrini vermək baxımından belə görüşlərin önəmi böyükdür. Hazırda Azərbaycan əhalisinin təqribən üçdə birini gənclər təşkil edir, onlar xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik insanlardır. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrdə gənclərin yaxından iştirakından danışaraq deyib: “Azərbaycanda müasir gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsilli, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının təzahürü kimi, fevralın 2-si respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub. Azərbaycan gəncləri 1997-ci ildən bəri hər il bu gün ən yüksək səviyyədə qeyd edirlər. Bütün bunlar gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb”.

C.Xəlilov qeyd edib ki, daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan respublika toplantısında iştirakı, dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, Prezident İlham Əliyevin müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər qazanmağa həvəsləndirməklə yanaşı, onlara əsl bayram sevinci yaşatdı.

O, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələrin yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatında əhəmiyyətini xüsusi vurğulayıb. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələrin Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynadığını qeyd edib.

Ehtiyatda olan polkovnik diqqətə çatdırıb ki, hazırda ordu sıralarında xidmət edən, müxtəlif sahələrdə çalışan, təhsil alan gənclərimizin hərbi vətənpərvərlik ruhunda yetişməsi bizi sevindirir. Torpaqlarımızın işğaldan azad edilməsi yönündə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl iş aparılır. Azərbaycanın güclü ordusunun formalaşdırılması, müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlarımıza göstərilən qayğı bunun əyani təzahürüdür. Aprel döyüşləri və Naxçıvanda həyata keçirilən hərbi əməliyyatlar Ordumuzun gücünü, döyüş əzmini aydın şəkildə nümayiş etdirdi. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə inamımızı daha da artırır.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov, Gənclər və İdman Nazirliyinin gənclərlə iş sektorunun müdiri Əli Məmmədov, İkinci Dünya müharibəsi veteranları adından çıxış edən Fatma Səttarova, İsmayıl Fərəcov və başqaları belə tədbirlərin nəsillər arasında əlaqələrin vacibliyindən, gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, könüllülük hərəkatında gənclərin iştirakından, onların rəşadət və mərdliyindən söhbət açıblar. Natiqlər gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar.

Sonda bir qrup şəxs Respublika Veteranları Təşkilatının yubiley medalları və fəxri fərmanlar ilə təltif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.