MƏDƏNİYYƏT


“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb

Qahirə, 22 may, AZƏRTAC

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov nüfuzlu “Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalının “Diplomatik səhifələr” proqramının qonağı olub.

AZƏRTAC xəbər verir ki, Seymur Nəsirov Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açıb. O, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişində Misir və Şam qəbilələrinin Azərbaycana köçdüyünü qeyd edib. Azərbaycanda insana Misir adı qoyulduğunu qeyd edən diaspor sədrinin bu sözləri qarşı tərəfin böyük marağına səbəb olub. Tədqiqatçı “Koroğlu” dastanında Misri qılıncın qeyd olunmasını, ölkəmizin ərazisində orta əsrlərə aid Misir sikkələrinin tapılmasını, Azərbaycanda çoxlu sayda ərəb adlı kəndlərin və Azərbaycan dilində 6 mindən çox ərəb mənşəli sözlərin mövcudluğunu iki xalq arasında qədimdən bəri möhkəm əlaqələrə bariz nümunə kimi dəyərləndirib.

Diaspor sədri Azərbaycan xalqının xalçaçılıq və muğam sənətinə verdiyi önəmdən də söhbət açaraq, Misirin ən böyük muğam ustalarından Seyyid Nəqşibəndinin babasının Azərbaycandan Misirə köçdüyünü diqqətə çatdırıb.

Verilişdə, həmçinin Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, Seymur Nəsirov Misirdə təhsil alan 50-dən çox ölkənin 1000-dən artıq tələbəsinə rəhbərlik edir. İyirmi ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır və Qahirə Universitetində Azərbaycan dilini tədris edir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.