CƏMİYYƏT
Fəhlənin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də saat 17 radələrində Lənkəran rayonunun Şilavar kənd sakini 1959-cu il təvəllüdlü Mirtağı Nəsirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatına görə, araşdırmalarla müəyyənləşdirilib ki, Mirtağı Nəsirov yaşadığı evin yaxınlığında olan ağacdan dəmir parçasından istifadə etməklə meyvə dərərkən həmin dəmir parçası elektrik naqilinə toxunduğu üçün o elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.