CƏMİYYƏT
“Fəlakət Risklərinin Azaldılması üzrə Senday Çərçivə Sənədinə dair Milli Strategiyanın yaradılması” mövzusunda müzakirə aparılıb
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə “Fəlakət Risklərinin Azaldılması üzrə Senday Çərçivə Sənədinə dair Milli Strategiyanın yaradılması” ilə bağlı əlaqələndirmə qrupunun videoiclası keçirilib.
İclasda bir sıra dövlət qurumlarının və nazirliklərin nümayəndələri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli də iştirak edib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Fəlakət Risklərinin Azaldılması üzrə Senday Çərçivə Sənədinə dair Milli Strategiyanın yaradılması” mövzusunun və həmin strategiyanın hazırlanması mərhələlərinin müzakirə edildiyi iclasda dünya ölkələri üzrə fəlakətlərə dair məlumatların da yerləşdirildiyi veb-sayt təqdim olunub. İclasda müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən bir sıra təkliflər verilib.
Q.Yetirmişli çıxışında Milli Strategiyanın hazırlanmasında iştirak edən dövlət qurumlarının birgə iş aparmasının vacibliyini önə çəkib. Baş direktor Fövqəladə Hallar Nazirliyi ilə Respublika Seysmoloji Xidmət Mərkəzi arasında birgə işlərin aparıldığını qeyd edərək, əlaqələndirmə qrupunda təmsil olunan digər dövlət qurumlarının da birgə əməkdaşlığa cəlb olunmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, birgə əməkdaşlıq nəticəsində daha real göstəricilər əldə olunacaq.
İclasda Senday Çərçivə Sənədinə dair Milli Strategiyanın hazırlanmasının üç mərhələdə həyata keçirildiyi bildirilib.
Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.