Fələstində Al Jazeera telekanalının əməkdaşı həlak olub
AzerTAg.az
Bakı, 11 may, AZƏRTAC
Al Jazeera telekanalının əməkdaşı Şirin Əbu Əqli İordan çayının qərb sahilində İsrail hərbçilərinin açdığı atəş nəticəsində həlak olub.
AZƏRTAC xəbər verir ki, Al Jazeera telekanalı əməkdaşının öldürüldüyü barədə məlumatı təsdiqləyib. Qadın jurnalist İsrail ordusunun qaçqınlar üçün inşa olunan Canin düşərgəsinə reydini işıqlandıran zaman başından güllə yarası alıb. Telekanal hadisə zamanı hərbçilərin döyüş güllələrindən istifadə etdiyini bildirib.
Al Jazeera, həmçinin müxbirin atəşə məruz qaldığı zaman əynində “PRESS” yazısı olan xüsusi jiletin olduğunu qeyd edib. İnsident zamanı telekanalın digər jurnalisti Əli əs-Səmudi də yaralanıb. Həkimlər onun vəziyyətini stabil qiymətləndirir.
İsrail ordusu öz növbəsində bəyan edib ki, jurnalistlərin İsrail hərbçiləri ilə silahlı fələstinlilər arasında atışmanın gedişində yaralanması barədə informasiyanı araşdırır. Ordunun mətbuat xidməti istisna etmir ki, jurnalistlərə silahlılar tərəfindən xətər yetirilə bilər. Yəhudi dövlətinin xarici işlər naziri Yair Lapidin sözlərinə görə, Fələstin hakimiyyətinə Al Jazeera reportyorunun ölümünün patoloji araşdırmasını birgə aparmaq təklif olunub.

Xəbərin mətnində orfoqrafik səhv var