ELM VƏ TƏHSİL
Fəlsəfə İnstitutunda “Maarifçilik və fəlsəfə” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də Dünya Fəlsəfə Günü münasibətilə AMEA-nın Fəlsəfə İnstitutunda “Maarifçilik və fəlsəfə” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
Fəlsəfə İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbiri açan direktor, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə ənənəyə çevrilmiş bu konfransın əhəmiyyətindən, ölkəmizdə elm və təhsilə göstərilən diqqət və qayğıdan söz açıb. O, həmçinin cəmiyyətin mənəvi saflığının və dünyada sabitliyin qorunmasında, maarifçiliyin geniş inkişafında fəlsəfi biliklərin rolunu vurğulayıb.
Akademik Nərgiz Axundova Azərbaycanda fəlsəfə elminə olan böyük maraqdan danışaraq, digər elmlərin mənimsənilməsində fəlsəfi mülahizələrin zəruriliyini vurğulayıb.
Türkiyənin ölkəmizdəki səfirliyinin müşaviri İrfan Çiftçi, Yunanıstan səfiri Nikolaos Kannelos Dünya Fəlsəfə Günü münasibətilə konfrans iştirakçılarını təbirik ediblər.
Konfransda “Azərbaycanda maarifçilik fəlsəfəsinin istiqamətləri”, “Ərəb-müsəlman sivilizasiyası ümumbəşəri kontekstdə: fəlsəfi perspektivlər”, “Fəlsəfənin Əlcəzairdə tədrisi”, “Azərbaycanda maarifçilik fəlsəfəsinin təkamülü”, “Filosof şəxsiyyəti və fəlsəfi təfəkkür tərzi”, “Milli fəlsəfə nədir?”, “Müasir dövrdə fəlsəfənin tədrisinin aktual problemləri”, “Fəlsəfə və özünü dərk etmə”, “Azərbaycan maarifçiliyi mədəniyyət yaddaşı kimi”, “İlham Əliyev strategiyasında azərbaycançılıq ideologiyası siyasi-fəlsəfi məktəbdir” və digər mövzularda məruzələr dinlənilib.