ELM VƏ TƏHSİL
Fəlsəfə və Sosiologiya İnstitutu Qusarda ulu öndər Heydər Əliyevə həsr edilmiş konfrans keçirib
Bakı, 6 may, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu Qusar Rayon İcra Hakimiyyəti və rayondakı Heydər Əliyev Mərkəzi ilə birlikdə Qusar rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Heydər Əliyevin azərbaycançılıq ideyaları Ramiz Qusarçaylının poeziyasında” mövzusunda konfrans keçirib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova açaraq Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətindən, xalqımızın birliyi, müstəqilliyimizin əbədi və sarsılmazlığı üçün onun həyata keçirdiyi tədbirlər barədə ətraflı danışıb.
Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyevin azərbaycançılıq ideyaları Ramiz Qusarçaylının poeziyasında” mövzusunda məruzə edib. E.Mədətli şairin poeziyasından gətirdiyi nümunələrdə Ulu Öndərin ideyalarının necə yüksək poetik üslubda təqdim edildiyindən söz açıb, onun “Vətən” poemasını müasir Azərbaycan poeziyasının zirvə nümunələrindən biri kimi dəyərləndirib. O vurğulayıb ki, əsərdə Ulu Öndərin parlaq obrazını yaradan Ramiz Qusarçaylı, eyni zamanda, 30 il işğal altında qalmış Vətən torpaqlarının düşməndən azad edilməsində xalqı və ordunu dəmir yumruq kimi birləşdirib zəfərə aparan Ali Baş Komandan İlham Əliyevin rəhbərlik və sərkərdəlik məharətini özünəməxsus poetik ustalıq və məhəbbətlə təsvir edib.
E.Mədətli qeyd edib ki, Vətən müharibəsində qusarlılar misilsiz qəhrəmanlıq göstəriblər. Vətən müharibəsi qəhrəmanı, rayonun Balaqusar kəndindən olan Renad Şixnəbiyevlə təkcə qusarlılar deyil, bütün Azərbaycan xalqı fəxr edir. Rayonun şəhid verdiyi 37 əsgər və zabitin hər biri vətənsevərliyin, vətən üçün fədakarlığın təcəssümüdür və onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, institutun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, institutun baş meneceri Qabil Camalov Ulu Öndərin azərbaycançılıq ideyalarının xalqımızın bugünkü birlik və həmrəyliyində misilsiz rolundan danışıb, onun ədəbiyyatın, mədəniyyətin, milli-mənəvi dəyərlərin inkişafına qayğısından söz açıblar.
Tarix elmləri doktoru, professor Şahin Fazil Ramiz Qusarçaylının vətənpərvərlik mövzusundakı şeirlərindən söz açıb. Qusar ziyalılarından Azərbaycan Yazıçılar Birliyinin üzvü Ceyhun Ağabəyov, “Qusar” qəzetinin redaktoru Vidadi Sevzixanov, şair Eyvaz Güləliyev, Balaqusar kənd məktəbinin direktoru Babacan Zəkiyev və başqaları Ramiz Qusarçaylının “Vətən” poemasının hər bir Azərbaycan ailəsinin stolüstü kitabına çevrilməsini arzulayıblar.