ELM VƏ TƏHSİL
Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illiyi Bolqarıstanda qeyd edilib
Bakı, 4 dekabr, AZƏRTAC
Sofiya şəhərində Bolqarıstan Elmlər Akademiyasının (EA) təşkilatçılığı ilə “Azərbaycan və Bolqarıstanın sosial-humanitar, elmi və mədəni əlaqələri” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib. Tədbir AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illiyinə həsr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli ötən müddət ərzində Fəlsəfə və Sosiologiya İnstitutunun fəlsəfə, tarix, etika, estetika və sosiologiya sahəsində böyük nailiyyətlər əldə etdiyini deyib. Akademik diqqətə çatdırıb ki, hər iki ölkənin Fəlsəfə və Sosiologiya institutları arasında geniş və dərin elmi əlaqələr var. Bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edən İsa Həbibbəyli hər iki müəssisənin alimlərinə birgə fundamental tədqiqatlarda uğurlar arzulayıb.
Sonra çıxış edən Bolqarıstan EA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor Veselin Petrov iki ölkə alimlərinin birgə təşkilatçılığı ilə elmi konfranslar keçirildiyini söyləyib, elmi əlaqələrin davam etdiriləcəyini vurğulayıb. V.Petrov çıxışının sonunda yubiley münasibətilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarını təbrik edib.
Bolqarıstan EA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, professor Albena Nakova isə iki qurum arasında əməkdaşlığın təməlinin SSRİ dövrünə təsadüf etdiyini bildirib. Qeyd edib ki, 2020-ci ildə AMEA-nın Fəlsəfə İnstitutunun tədqiqat sahəsi daha da genişləndirilib və müəssisənin adı dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılıb. A.Nakova sosiologiya sahəsində birgə elmi-tədqiqat işlərinin genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Konfransda çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə göstərilən diqqətə görə minnətdarlığını bildirib və Bolqarıstan EA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə elmi əlaqələrin davam edəcəyini söyləyib.
“Müasir fəlsəfənin əsas meyilləri” mövzusunda məruzə ilə çıxış edən İ.Məmmədzadə müasir dövrdə Azərbaycan cəmiyyətində insanların birgə yaşayışının təmin edilməsi və onlar arasında mədəniyyətlərin mübadiləsinə toxunub. Eyni zamanda, İpək Yolu ölkələrinin mədəniyyətlərinin qarşılıqlı təsirindən söz açıb, bu istiqamətdə fəlsəfi əlaqələrin rolunu xüsusi vurğulayıb. Həmçinin süni intellektin yaranması və onun inkişafı, fəlsəfə elminin başqa sahələri ilə birbaşa əlaqələrinə diqqəti çəkib.
Konfransda “Azərbaycan-Bolqarıstan elmi əlaqələri strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri kimi” mövzusunda məruzə dinlənilib. Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları, professor Zümrüd Quluzadə, fəlsəfə elmləri doktorları Füzuli Qurbanov, Rəfiqə Əzimova, dosentlər Sevinc Həsənova, Zöhrə Əliyeva, Bolqarıstan EA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun departament rəhbəri, professor Boqdano Todorova, professor İvan Katzarski, dosent İva Manova və digərləri çıxış edərək yubiley təbriklərini çatdırıb, birgə perspektiv tədqiqatlar barədə təkliflərini səsləndiriblər.