ELM VƏ TƏHSİL
“Fəlsəfənin pandemiyası” - seminar


Bakı, 5 iyun, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Fəlsəfənin pandemiyası” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda fəlsəfə elmləri doktoru, professor Əli Abasov “Fəlsəfənin pandemiyası” termininin mahiyyətini təhlil edərək, fəlsəfə elminin yaranma tarixi və inkişaf mərhələləri haqqında məlumat verib. Məruzəçi dünya və insan arasında daim inkişafda olan sistemli əlaqələrin fəlsəfi mahiyyətinə toxunub, bu sistemin üç mərhələdən - fizika, metodologiya və etikadan ibarət olduğunu qeyd edib. Professor pandemiya fəlsəfəsinin sivilizasiyaya göstərdiyi təsirlərdən və bütün dünyada yaranan ən böyük problemlərdən biri olan böhran və onun doğurduğu nəticələrdən danışıb.
İnstitutun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və digər əməkdaşlar məruzəçiyə suallar verib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.