İDMAN
Fənərbağça” komandası öz meydanında “Konyaspor”la qarşılaşıb
Bakı, 16 fevral, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasının XXII turunun növbəti görüşündə turnir cədvəlində 17-ci pillədə qərarlaşan İstanbulun “Fənərbağça” komandası öz meydanında “Konyaspor”la qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda baş tutan görüşün 32-ci dəqiqəsində Konya təmsilçiləri meydanda azlıqda qalıblar. Hakim qonaqların hücumçusu Adis Yahoviçə qırmızı vərəqə göstərib. Lakin qonaqlar həvəsdən düşməyib və 36-cı dəqiqədə Moryke Fofananın vurduğu qolla hesabı açıblar. Meydan sahibləri isə görüşün 45-ci dəqiqəsində Jailson Sikeyranın qolu ilə hesabı bərabərləşdiriblər. Qarşılaşma elə bu hesabla da başa çatıb.
Bu bərabərlik sayəsində “Fənərbağça” xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində 15-ci pilləyə qalxıb. “Konyaspor” isə 34 xalla 5-ci yerdə qərarlaşıb.
Turun digər görüşündə - “Akhisar Bələdiyəspor”-“Ankaragücü” matçında qapılara qol vurulmayıb (0:0). “Bursaspor”-“Rizespor” qarşılaşmasında isə qonaqlar meydan sahiblərinin qapısından iki top keçiriblər (0:2).