ELM VƏ TƏHSİL
Fənlər üzrə növbəti elmi-metodik seminarlar keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dili, ingilis dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə növbəti elmi-metodik seminarlar keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, seminarlarda DİM tərəfindən hazırlanmış “Azərbaycan dili – 6”, “Kimya-10”, “Russkiy yazık – 7”, “Azərbaycan tarixi – 6” fənn kurikulumu üzrə qiymətləndirmə tapşırıqları kitabçalarının təkmilləşdirilməsi məqsədilə elmi metodik baxımdan müzakirə aparılıb.
Həmçinin seminarlarda 10-cu sinif “Fizika”, 11-ci sinif “Biologiya”, “Coğrafiya” (6-11-ci sinif dərslikləri üzrə “Təbii ehtiyatlar” bölməsi) dərslikləri məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə olunub.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib. Hazırlanacaq tövsiyələr xidməti istifadə üçün müvafiq şöbələrə təqdim ediləcək.
İngilis dili fənni üzrə seminarda “Designing test items” adlı təqdimat haqqında müzakirə aparılıb.
Riyaziyyat fənni üzrə seminarda “Riyaziyyat fənni üzrə təhsil proqramı (kurikulum) əsasında açıq tipli tapşırıqların və situasiya tapşırıqlarının hazırlanması və onlar üçün meyarların yazılması” adlı təqdimat müzakirə olunub.
Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.