ELM VƏ TƏHSİL
Fənlər üzrə növbəti elmi-metodik seminarlar keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dili, ingilis dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə növbəti elmi-metodik seminarlar keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, ingilis dili fənni üzrə seminarda “Reading and Listening Comprehension” adlı təqdimatın müzakirəsi olub.
Azərbaycan dili fənni üzrə seminarda DİM tərəfindən hazırlanmış “Azərbaycan dili – 7” fənn kurikulumu üzrə qiymətləndirmə tapşırıqları kitabçasının təkmilləşdirilməsi məqsədilə müzakirə aparılıb.
Kimya, fizika, ədəbiyyat (rus bölməsi), biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə seminarlarda fevralın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqlar elmi-metodik baxımdan təhlili olub.
Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.