ELM VƏ TƏHSİL
Fənn müsabiqələrinin final mərhələsində 1368 şagird iştirak edib
Bakı, 2 iyul, AZƏRTAC
Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil olunub.
Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri olan fizika, riyaziyyat və informatika təmayüllü, kimya-biologiya təmayüllü liseylərdə və Sumqayıt şəhərindəki Təbiət Elmləri Təmayüllü Gimnaziyada keçirilən final mərhələsində 1368 şagird iştirak edib.
Finalda şagirdlərə fənlərə müvafiq tapşırıqlarla bərabər, qeyri-standart düşüncə, analiz qabiliyyəti tələb edən tapşırıqlar da təqdim olunub.
Qeyd edək ki, müsabiqənin birinci mərhələsinə18 minə yaxın şagird qatılıb.
Fənn müsabiqələrinin final mərhələsinin nəticələri iyulun 6-dək www.olimpiada.edu.az saytında elan ediləcək.