ELM VƏ TƏHSİL
Fənn müsabiqəsinin birinci mərhələsində Bakı üzrə 4 556 şagird iştirak edib
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da riyaziyyat və informatika fənləri üzrə VI sinif şagirdləri arasında təşkil olunmuş VI respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsabiqənin I mərhələsində Bakı şəhəri ümumi təhsil müəssisələrindən Azərbaycan bölməsi üzrə 3 753, rus bölməsi üzrə 803 şagird olmaqla, ümumilikdə 4 556 VI sinif şagirdi iştirak edib. Şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.
Qeyd edək ki, aprelin 27-də isə fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri biliklərini sınayacaqlar.
Fənn müsabiqələrinin yekun nəticələrinə (respublika mərhələsinin nəticələrinə) əsasən, yeni tədris ili üçün beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflər üzrə kontingentin formalaşdırılması da nəzərdə tutulur.
Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.