REGİONLAR
Fənn olimpiadalarının qaliblərinə diplomlar təqdim edilib
Naxçıvan, 22 may, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarının final mərhələsində iştirak edərək uğur qazanan naxçıvanlı şagirdlər mükafatlandırılıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla əlaqədar Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov qazanılan nailiyyətlərin muxtar respublikada təhsil sahəsinə göstərilən diqqət və qayğının bəhrəsi olduğunu deyib, qaliblərə yeni-yeni uğurlar arzulayıb. Bütün bu uğurların qazanılmasında ümumtəhsil müəssisələrində çalışan peşəkar müəllimlərin əməyini xüsusi qeyd edən nazir istedadlı şagirdlərin hazırlanmasında onlara daha böyük müvəffəqiyyətlər diləyib. Məmməd Qəribov şagirdləri, onların fənn müəllimlərini və valideynlərini təbrik edib, daha parlaq nəticələrin əldə olunması üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyini vurğulayıb.
Sonra qaliblərə medallar və muxtar respublika Təhsil Nazirliyinin diplomları təqdim edilib.
Qeyd edək ki, fənn olimpiadalarının final mərhələsində muxtar respublika üzrə 41 şagird iştirak edib. Həmin şagirdlərdən 24-ü yüksək nəticələr göstərib. Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyin kursantı Elçin Abbasov və Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Elvariz Məmmədov qızıl medala layiq görülüblər. Digər 22 şagirddən 6-sı gümüş, 16-sı bürünc medal qazanıb.