ELM VƏ TƏHSİL
Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlumdur
Bakı, 18 mart, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsinə 534 şagird final tur üçün vəsiqə qazanıb.
Şagirdlərin nəticələri rayon (şəhər) təhsil şöbələrinə( idarələrinə) göndərilib. Olimpiada iştirakçıları nəticələrini oxuduqları məktəblərdən əldə edə bilərlər.
Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər.
Respublika fənn olimpiadalarının final turu apreldə keçiriləcək.
Qeyd edək ki, respublika fənn olimpiadalarının birinci - rayon(şəhər) mərhələsi yanvarın 15-də keçirilib. Bilik yarışında 30 minə yaxın şagird iştirak edib.