REGİONLAR


Fəqət Şadlinskaya: Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan hər bir addımın qarşısı qətiyyətlə alınır və alınacaq

Bərdə, 1 oktyabr, AZƏRTAC

Azərbaycan tarixi Zəfərinin reallıqlarını yaşayır. İstər işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyas alan bərpa-quruculuq işləri, istərsə də yeni reallıqların dünyada qəbulu istiqamətində atılan addımlar və onların uğurlu nəticələri Azərbaycanın artan nüfuzunu, möhkəmlənən iqtisadi və siyasi mövqeyini təsdiqləyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib. Təşkilatın sədri bildirib ki, ölkəmiz bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif edir. Ermənistan isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsindən yayındığını nümayiş etdirir, sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün təxribatlara əl atır. Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribat da bunun təsdiqidir. Azərbaycan Ordusu “Qətiyyətli cavab” əməliyyatı ilə Ermənistana bir daha layiq olduğu yeri göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında hər zaman dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhs edərkən bu reallığı bəyan edir ki, Ermənistana zamanında sanksiyalar tətbiq olunsaydı, İkinci Qarabağ müharibəsi yaşanmazdı. Müharibənin baş verməsini şərtləndirən amillər məlumdur. Otuz il Ermənistan vaxt qazanmaq, yeni ərazilər uğrunda müharibə planını hazırlamaq üçün danışıqları imitasiya naminə davam etdirdi. Əksər dünya gücləri Ermənistanın beynəlxalq hüquqazidd əməllərini görür, amma susmaqla növbəti təxribatların törədilməsinə yol açdıqlarını bilirdilər. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən ərazilərimizi raket atəşinə tutmaları da bunun təsdiqi oldu. Bu təxribatların qarşısını almaq üçün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmrini alan rəşadətli Ordumuz 44 gündə şanlı Zəfər tarixini yazdı.

Ordumuzun “Dəmir yumruq” əməliyyatı mənfur düşmənə ən ağır dərs olsa da, tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrdə hadisələrin gedişinə diqqət yetirdikdə Ermənistanın tez-tez atəşkəsi pozduğunu, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Brüssel görüşlərinin keçirildiyi ərəfələrdə, yaxud başa çatdıqdan sonra təxribatlara daha çox can atdığını görərik.

Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı atılan hər bir addımın qarşısı qətiyyətlə alınır və alınacaq. Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun artan gücünün, qüdrətinin şahididirlər. Artıq işğalçı dövlət seçim qarşısındadır. Ya münasibətlərin normallaşdırılması, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün təklif olunan sülh müqaviləsini imzalayaraq ona verilən son şansdan bəhrələnməli, ya da "Dəmir yumruğ”un davamlı dərslərini almalıdır. “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları bunun bariz nümunəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin ilk günündən bu bəyanatı səsləndirdi ki, Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruğ”un yerində olduğunu unutmasınlar.

Otuz il torpaqları işğal altında, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan Qarabağ münaqişəsinin tarixə qovuşması fonunda münasibətlərdə yeni səhifə açmaq istəyini nümayiş etdirib qarşı tərəfə sülh təklifi edir, təcavüzkar dövlət hələ də bu məsələdə tərəddüdlər içərisində vurnuxmaqdadır. Ermənistan dövlətimizin bu bəyanatını da unutmasın: Sülh təklifi uzun müddət masa üzərində qala bilməz.

Postmünaqişə dövrünün gündəliyinin müəllifi olan Azərbaycan üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirərək eyni addımları Ermənistandan da tələb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.