REGİONLAR


Fəqət Şadlinskaya: Böyük qələbə davamlı və sürətli inkişafa yeni üfüqlər açır

Bərdə, 27 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Bəşər tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımından 29 il ötür. Ermənilərin bu vəhşətini, tarixin bu amansız gününü unutdurmağa zamanın gücü çatarmı? Qətiyyən yox! Xalqımızın bu dərdi içinə çəkməsi, düşmənə nifrətin köksümüzdə yurd salması 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun əsgərləri tərəfindən bir vulkana döndü, düşmən ordusunu, erməni mifini darmadağın etdi. 44 günün 44 əsrə bərabər şanlı qələbəsinin sevinci yaralarımıza su səpdi. Şəhidlərimizin ruhunu tərpətdi, “bu qalibiyyətdə sizin də payınız var”, deyib Vətən göylərinə qaldırdı, geri aldığımız o əziz, doğma yerlərdə torpaq altda qalanlarımızı, itkin düşənlərimizi əbədi rahatlatdı...

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib. Təşkilatın sədri bildirib ki, Vətən müharibəsində qələbəni əldə etmək o qədər də asan deyildi. Azərbaycan qələbənin əldə olunması üçün illər ərzində böyük hazırlıq işləri görürdü. Prezident İlham Əliyevin dediyi kimi, bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi. İşğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır.

F.Şadlinskaya qeyd edib ki, müharibə dövründə Bərdə əsl arxa cəbhə oldu. Ermənistan ordusunun raket atəşlərinə tuş gəlib mülki şəhidlər versə də, ona pənah gətirmiş minlərlə insana qucaq açdı. Onların dövlətin göstərdiyi qayğı ilə əhatə olunmasına lazımi şərait yaratdı. Bərdəlilər bütün Azərbaycan xalqı kimi Prezident İlham Əliyevin ətrafında sıx birləşdi, qələbənin qazanılmasında əlindən gələni əsirgəmədi.

“Bu il ilk dəfədir ki, Xocalı faciəsi günü qürurluyuq. Çünki xalqımız Vətən müharibəsində böyük zəfər tarixi yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyev və müzəffər ordumuz torpaqlarımızla birlikdə qürurumuzu, ləyaqətimizi də bizə qaytardı. Böyük qələbə indi davamlı və sürətli inkişafa geniş üfüqlər açır", - deyə Fəqət Şadlinskaya bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.