İQTİSADİYYAT


Fərdi sahibkarların sayı 1 milyonu ötüb

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyonu keçib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9 faiz), Aran (21,5 faiz), Gəncə-Qazax (13,8 faiz) və Lənkəran (9,7 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,7 faizini kişilər, 21,3 faizini isə qadınlar təşkil edib.

Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 31 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 23,8 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,8 faizini təşkil edir. Sahibkar qadınların 30,7 faizi Bakıda, 17,9 faizi Aran, 16,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,4 faiz), Gəncə-Qazax (24,9 faiz), Naxçıvan Muxtar Respublikası (22,5 faiz) və Lənkəran (21,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.