ELM VƏ TƏHSİL
Fərdlərin sosial kapitalının qiymətləndirilməsi məsələləri araşdırılır
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) 13 saylı şöbənin elmi seminarı keçirilib.
İTİ-dən AZƏRTAC-a bildirilib ki, institutun magistrantı Aygül Fəxrəddinqızı “İnformasiya cəmiyyətində fərdlərin sosial kapitalının qiymətləndirilməsi” mövzusunda məruzəsini təqdim edib.
Məruzəçi informasiya cəmiyyəti, sosial kapital, onun formaları, əhatə dairəsi və mənbələri, sosial kapitala dair yanaşmalar, sosial kapitalın ölçülməsi məsələləri haqqında məlumat verib. O qeyd edib ki, informasiya texnologiyalarından istifadə edərək yaradıcı və məhsuldar şəkildə beynəlxalq səviyyədə rəqabət üstünlüyünün qazanılması informasiya cəmiyyətinin əsas məqsədidir.
Məruzəçinin sözlərinə görə, insanlar arasında əlaqələr şəbəkəsi olan, müəyyən bir cəmiyyətdə yaşayan, işləyən və cəmiyyətin məqsədyönlü fəaliyyət göstərməsinə imkan verən sosial kapital normaları, dəyərləri və anlayışları qruplar daxilində və ya qruplar arasında əməkdaşlığı asanlaşdırır. O, sosial kapitalın ölçülməsi üçün etimada əsaslanan, indeks-reytinq, dünya bankı metodları barədə də məlumat verib.
İTİ-nin şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini səsləndirib. O, müasir dövr üçün sosial kapitalın qiymətləndirilməsi istiqamətində istifadə olunan metod və metrikalar üzrə araşdırmaların davam etdirilməsinin vacibliyini bildirib.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.