İDMAN
Fərhad Acalov: Əsas məqsədimiz peşəkar boks üzrə dünya çempionları yetişdirməkdir
Bakı, 31 oktyabr, AZƏRTAC
“Qarapapaq” peşəkar boks gecəsinin 44 günlük Vətən müharibəsində tarixi qələbənin birinci ildönümü ərəfəsində təşkili böyük əhəmiyyət daşıyır. Bir il bundan əvvəl Azərbaycanın Zəfəri ilə sona çatan 44 günlük Vətən müharibəsində ölkəmiz bütün dünyaya gücünü nümayiş etdirdi. Qalib ölkənin vətəndaşları olaraq hər zaman, bütün sahələrdə hamıdan güclü olmaq üçün mübarizə aparmalıyıq. Bu yarışda iştirak edən hər bir peşəkar boksçumuz qələbə əzmi ilə rinqə çıxır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində boks üzrə dünya çempionu, Azərbaycan Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti Fərhad Acalov “Qarapapaq” peşəkar boks gecəsi yarışları zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, “Qarapapaq Fight Club & Promotion” və “Olimpik Pro”nun təşkilatçılığı ilə keçirilən peşəkar boks gecəsi böyük maraq doğurub. Peşəkar Boks Federasiyası olaraq belə yarışların mütəmadi təşkili üçün bir sıra tədbirlər həyata keçiririk. Qeyd edim ki, ölkəmizdə döyüş idman növləri üzrə beynəlxalq arenalarda böyük nailiyyətlər qazanan çoxlu idmançılar yetişib. Əsas məqsədimiz peşəkar boks üzrə dünya çempionları yetişdirməkdir.