ELM VƏ TƏHSİL
Fərhad Cabbarov: Vətəndaşlarımız şanlı ordumuzun yanındadır, Qələbə bizim olacaq
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti təxribat düşmənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını bir daha sübut etdi. Beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc sakinlərini, yaşayış məntəqələrini hədəfə alıb və nəticədə mülki əhali arasında tələfat olub. Sözsüz ki, bu, iyul ayında Tovuz rayonu istiqamətində törədilmiş təxribatın məntiqi davamı idi.
Ermənistanın siyasi və hərbi rəhbərliyi bununla nəinki danışıqları davam etdirmək niyyətində olmadığını, həmçinin yeni əraziləri ələ keçirmək məqsədini nümayiş etdirdi. Tovuz təxribatı qəhrəman ordumuz tərəfindən dəf olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bildirdi ki, əgər növbəti dəfə Azərbaycana qarşı təxribat törədilsə, Ermənistan bundan peşman olacaq və düşmənə adekvat cavab veriləcək. Göründüyü kimi, Ermənistan rəhbərliyi bu reallıqları anlaya bilməyib və özünün cinayətkar, işğalçı xislətini bir daha nümayiş etdirir.
Bu fikirləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, dosent Fərhad Cabbarov AZƏRTAC-a müsahibəsində bildirib. O deyib ki, ermənilərin sentyabrın 27-də cəbhəboyu ordumuzun mövqelərini və yaşayış məntəqələrini atəşə tutmasına cavab olaraq Azərbaycanın hərbi komandanlığı əks-hücum haqqında qərar qəbul etdi. Bu qərar və onun nəticəsi kimi ordumuzun sentyabrın 27-də 7 kəndimizi işğaldan azad etməsi, strateji yüksəkliklərdə nəzarəti ələ keçirməsi bütün Azərbaycan xalqını ürəkdən sevindirir, böyük ruh yüksəkliyi yaradır. Düşmənə sarsıdıcı zərbələr vuran rəşadətli döyüşçülərimiz bizi yeni-yeni qələbələrə daha da yaxınlaşdırır. Cəmiyyətimiz səfərbər olunub, həmrəylik nümayiş etdirir. Bu gün vətəndaşlarımız ordumuzun, dövlətimizin yanındadır, onlara hərtərəfli dəstək göstərir.
Qanlı döyüşlərin getdiyi günlərdə bir sıra ölkələrin dövlət və hökumət başçıları tərəfləri atəşi dayandırmağa və sülh danışıqlarına başlamağa çağırırlar. Təbii ki, Azərbaycan da sülh istəyir və 30 ildən artıq davam edən münaqişənin siyasi yolla həll olunmasının tərəfdarıdır. Lakin dövlətimizin qətiyyətli mövqeyi budur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyünün tam bərpası çərçivəsində həll oluna bilər. Hər hansı başqa şərt möhkəm və davamlı sülhü təmin edə bilməz. Biz onilliklər ərzində aparılan predmetsiz danışıqlardan, ikili standartlardan, işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoyulmamasından yorulmuşuq. Dünya birliyi birmənalı şəkildə anlamalıdır ki, biz müharibəni özgə torpaqlarında və ya özgə torpaqlar uğrunda aparmırıq, biz öz torpaqlarımızı azad edirik və öz ərazi bütövlüyümüzü bərpa edirik. Dəfələrlə vurğulandığı kimi, Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıq predmeti ola bilməz.
Əminəm ki, qəsbkar ermənilərin işğalı altında qalan torpaqlarımız qəhrəman ordumuzun uğurlu həmlələri nəticəsində tezliklə azad olunacaq və millətimiz Qələbə sevincini yaşayacaq!