REGİONLAR


Fərid Cəfərov: Naxçıvanda keçirilən tədbirlərə ölkəmizin bütün gəncləri xüsusi maraq göstərir

Naxçıvan, 28 iyul, AZƏRTAC

“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” adından da məlum olduğu kimi, ötən il ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı şanlı Qələbəyə həsr edilib. Düşərgənin təşkilinin əsas məqsədi bu zəfərin, eyni zamanda, da ölkələrimizin ortaq tarixinin, mədəniyyətinin hər iki qardaş ölkənin gəncləri arasında geniş şəkildə təbliğ olunmasıdır.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib. Onun sözlərinə görə, tədbir üçün Naxçıvanın məkan seçilməsinin xüsusi əhəmiyyəti isə buranın həm Azərbaycanla Türkiyəni yaxınlaşdıran bir diyar olması, eləcə də türk dünyasında əhəmiyyətli mövqeyə malik olması ilə bağlıdır. Düşərgə çərçivəsində hər iki ölkənin gəncləri muxtar respublikanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə yaxından tanış olacaqlar.

“Bildiyimiz kimi, 2021-ci il ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunub, Türkiyədə isə bu il “Yunus Əmrə İli” kimi qeyd edilir. Bu baxımdan gənclər həm də türk dünyasının iki böyük klassikinin yaradıcılığı ilə yaxından tanış olacaq, eyni zamanda, müxtəlif tədbirlər vasitəsilə bu dəyərli irsin təbliği həyata keçiriləcək”, - deyən Fərid Cəfərov bildirib ki, düşərgənin gələcəkdə daha geniş miqyasda keçirilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Türkiyə Gənclik Vəqfi ilə müzakirələrdə gələcəkdə Naxçıvanda türk dünyası gənclərinin forumunun keçirilməsini də qarşıya məqsəd qoyulub. İstənilən beynəlxalq tədbirlər qarşılıqlı prinsip əsasında keçirilir. Yəqin ki, növbəti ildə Türkiyədə də analoji tədbir reallaşdırılacaq. Ümumiyyətlə, Azərbaycan Respublikası Gənclər Fondu və Türkiyə Gənclik Vəqfi iki ilə yaxındır ki, sıx əməkdaşlıq edir, bu əməkdaşlıq çərçivəsində hər iki ölkədə bir sıra tədbirlər, layihələr həyata keçirilib. Həmin tədbirlərin keçirilməsində məqsəd Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq işində gənclərin iştirakını təmin etməkdir. Məhz 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Gənclik Vəqfi böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər etdi, bu addım, xüsusilə ermənilərin təcavüzünə məruz qalmış Tərtər, Bərdə və Gəncədəki mülki vətəndaşların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Gələcəkdə ikitərəfli əməkdaşlığımızda qarşıya qoyduğumuz məqsədlər naminə gənclərin maarifləndirilməsi, ortaq mədəniyyətimizin təbliğ olunması, eyni zamanda, iki ölkənin haqq səsinin dünyaya çatdırılması üçün daha da səylə çalışacağıq.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru qeyd edib ki, fond son 3 illik fəaliyyətində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birgə bir sıra layihələrə imza atıb. Bunların sırasında 2018-ci ildə “Gənclik Naxçıvanda” düşərgəsi də xüsusi vurğulanmalıdır. O zaman da, indi də nəzərəçarpan xüsusi məqam Naxçıvanda keçirilən tədbirlərə bütün ölkə gəncliyinin xüsusi maraq göstərməsidir. Bu da həm muxtar respublikanın qədim, zəngin tarixi, mədəniyyəti, həm də ölkə həyatındakı xüsusi yeri və rolu ilə bağlıdır. Eyni zamanda, son illərdə muxtar respublikada gedən inkişaf prosesləri, abadlıq-quruculuq işləri də gənclərin buraya xüsusi marağının yaranmasına səbəb olub.

Fərid Cəfərov deyib: “Naxçıvan gəncliyi barədə isə onu deyə bilərəm ki, apardığımız monitorinqlər çox müsbət nəticələr verib, buradakı gənclərin könüllülük fəaliyyətinə aktiv qoşulması təqdirəlayiqdir və gələcəkdə ali təhsil müəssisələrindəki tələbə-gənclər təşkilatlarının daha da gücləndirilməsi, gənclərin potensialının artırılması üçün bir sıra layihələr reallaşdırmağı nəzərdə tutmuşuq. İnanırıq ki, birgə əməkdaşlığımız öz müsbət nəticələrini verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.