İDMAN
Fərid Mansurov: Güləşçilərimizin Rio Olimpiadasındakı çıxışını yüksək qiymətləndirirəm
Bakı, 31 avqust, Səxavət Quliyev, AZƏRTAC
Güləşçilərimizin “Rio-2016” XXXI Yay Olimpiya Oyunlarındakı çıxışını yüksək qiymətləndirirəm. Mötəbər yarışa 14 güləşçi ilə qatılan millimiz 9 medal qazandı. Medalların arasında qızıl olmasa da, nəticəni qənaətbəxş hesab etmək lazımdır.
Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Güləşçilərimizin beynəlxalq yarışlardan daim medallarla qayıtdığını bildirən Fərid Mansurov “Rio-2016” XXXI Yay Olimpiya Oyunlarının gərgin idman mübarizəsi şəraitində keçdiyini diqqətə çatdırıb.
“Artıq güləşçilərimiz növbəti Olimpiya tsiklı ərəfəsindədirlər. Onlar “Tokio-2020” Yay Olimpiya Oyunlarında hansı çəki dərəcəsində çıxış edəcəklərini müəyyənləşdirməlidirlər. İdmançılarımız öz üzərlərində çalışıb, həmin çəki dərəcələrində möhkəmlənməlidirlər. Dünya güləşində rəqabət gündən-günə artır. Bütün dünya Azərbaycanı idman ölkəsi kimi tanıyır. İnanıram ki, “Tokio-2020”də uğurlarımız daha çox olacaq. Bizim güləşçilərə qarşı xüsusi hazırlaşan idmançılar var. Bizim idmançılar da bunları nəzərə alaraq öz üzərlərində daha çox işləyib, məşq etməlidirlər”, - deyə Fərid Mansurov bildirib.
Digər olimpiadalarla müqayisədə “Rio-2016”da güləş komandamızın tam formalaşmış şəkildə iştirak etdiyini bildirən vitse-prezident deyib ki, mötəbər yarışda və ondan əvvəl komandamız üçün hər cür şərait yaradılmışdı. Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası bütün tədbirləri görmüşdü. İdmanın elə növləri var ki, onlar tarixən ölkəmizdə inkişaf edib. Bunlardan biri, bəlkə də birincisi güləşdir. Respublikamızda əsasən, təkmübarizəli idman növləri geniş yayılıb. Əgər Azərbaycan ailəsində iki oğlan uşağı varsa, onlar güləşə-güləşə böyüyürlər. Bütün bunları nəzərə alaraq, demək olar ki, güləş ölkəmizdə populyar idman növüdür. Məhz bunun nəticəsidir ki, güləşlə məşğul olmaq istəyənlərin sayı ildən-ilə artır.