İDMAN


Fərid Qayıbov: İşğaldan azad olunmuş digər ərazilərimizdə də idman yarışlarının təşkili planlaşdırılır

Suqovuşan, 6 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Suqovuşanda keçirilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatası Qarabağda təşkil edilən ilk yarışdır. Buna görə də bir nazir kimi mənim üçün çox sevindirici gündür.

AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda təşkil edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” turniri çərçivəsində jurnalistlərə müsahibəsində deyib.

Reqatanın əsl idman bayramına çevrildiyini vurğulayan nazir deyib: “Bu mühüm turnir tərəfdaşlar və bütün könüllülər tərəfindən ən yüksək səviyyədə təşkil olunub. Bu münasibətlə bütün Azərbaycan idman ictimaiyyətini təbrik edirəm. Bu gün burada olmağımızın başlıca səbəbi Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə sayəsində torpaqlarımızın işğaldan azad olunmasıdır”.

Yarışlarda beş ölkənin təmsil olunduğunu vurğulayan nazir bildirib: “Turnirdə 5 ölkənin komandası – Azərbaycan, Özbəkistan, Gürcüstan, Türkiyə və Moldova təmsil olunur. Çünki yarışın təşkili barədə qərar qısa müddət ərzində qəbul olundu. Adətən idman təqvimi öncədən planlaşdırılır. İnanıram ki, bu tədbir ənənəyə çevriləcək. Növbəti illərdə iştirakçı komandaların sayının artacağına şübhə etmirəm. Bütün idmançılarımıza uğurlar arzulayıram”.

Nazir işğaldan azad olunmuş digər ərazilərdə də turnirin keçirilməsini Azərbaycan Avarçəkmə və Kanoe Federasiyası ilə müzakirə etdiklərini vurğulayıb: “İşğaldan azad olunmuş digər ərazilərimizdə də gələcəkdə idman yarışlarının təşkili planlaşdırılır. Federasiya ilə birlikdə bunu müzakirə edirik. Artıq müəyyən işlər görülür”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.