CƏMİYYƏT
Fərid Qayıbov: Müxtəlif layihələr vasitəsilə gənclərə dəstək olmağa çalışırıq
Bakı, 21 dekabr, AZƏRTAC
Gənclər sahəsi ən mürəkkəb və həssas sahədir. Gənclərimiz 14-29 yaş qrupunu əhatə edirlər. Ölkəmizdə hazırda 300-dən çox gənclər təşkilatı mövcuddur. Ümumiyyətlə, bütün sahələrdə gənclərimiz çoxluq təşkil edir. Odur ki, bu sahədə çalışanda diqqətli olmalıyıq. Gənclər siyasətimizi həyata keçirmək üçün müəyyən mexanizmlərdən istifadə edirik.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov gənclər siyasətində indiyədək görülən işlər barədə danışarkən deyib.
“Bu sahədə biz müasirliyə doğru daim addım atmalıyıq və bunu edirik. Dövlətimizin başçısı İlham Əliyev gənclər sahəsinə çox diqqətlə və həssaslıqla yanaşır. 2 Fevral - Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyev gənclərlə söhbət etdi, onların suallarını cavablandırdı. Gənclərimizə müəyyən mesajlar çatdırdı. Əsas mesajlardan bir o idi ki, artıq biz qalib xalqın qalib gəncləriyik. Biz Vətən müharibəsində Zəfər qazanmışıq və bundan sonra qələbələrimizi hər bir sahədə davam etdirməliyik.
Nazirlik gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir. Bundan başqa, bizim kifayət qədər Gənclər evlərimiz var. Gənclər evləri mövcud olmayan rayonlarda gənclərlə işi necə qurmağımız haqqında düşünürük, onların fəaliyyətlərini müzakirə edirik”, - deyə F.Qayıbov vurğulayıb.
Yeni layihələr haqqında danışan Fərid Qayıbov qeyd edib ki, nazirlik əməkdaşları daim gənclərin problemləri ilə maraqlanır, onlarla müxtəlif rayonlarda görüşlər keçirir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihələrdə daxili miqrasiya və narkomaniya problemləri mövzularını əhatə etməyə çalışırıq. Nümunə üçün “Yerli” layihəsi gənclərimizin İT sahəsində inkişafına töhfə verir. Bu yaxınlarda gənclərimizlə görüşdə bu layihə çərçivəsində əldə etdikləri biliklərlə onların bir çoxlarının işə qəbul olunmasını öyrəndik. Artıq bəzi gənclərimiz işlərini internet vasitəsilə evlərindən quraraq qazanc da əldə edirlər. Nazirlik bu kimi müxtəlif layihələrlə gənclərə dəstək olmağa çalışır.