İDMAN


Fərid Qayıbov: Yalnız düzgün qurulmuş əlaqələr davamlı müvəffəqiyyətlə nəticələnə bilər

Bakı, 7 oktyabr, AZƏRTAC

Bir ay əvvəl gənclər və idman naziri vəzifəsinə təyin olundum. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin mənə göstərdiyi yüksək etimaddır. Təyinatım zamanı Prezidentin verdiyi tapşırıq və tövsiyələr üzərimizə böyük məsuliyyət qoyur.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Təyinatının həm gənclər, həm də idman sahələrində yeni mərhələnin başlanğıcına təsadüf etdiyini vurğulayan nazir bildirib: “İdmanda demək olar ki, həmişə Olimpiya Oyunlarının nəticələri yeni mərhələnin başlanmasını əlaqələndirir. Bu qlobal yarışlar obyektiv olaraq təkcə yüksək nəticələrin qazanıldığı idman növlərində deyil, həm də kütləvi idmanda mövcud olan qüsur, səhv və çatışmazlıqları üzə çıxarır. Təbii ki, Olimpiada güclü tərəflərimizi də göstərir. İdman bu gün böyük bir sənaye və təhsil, strategiya və kadr, təşkilati-hüquqi və maliyyə-təsərrüfat məsələləridir. Yalnız düzgün qurulmuş əlaqələr davamlı müvəffəqiyyətlə nəticələnə bilər”.

F.Qayıbov bildirib ki, gənclər siyasətinin yeni mərhələsi qloballaşma və Qarabağın təxminən 30 illik işğaldan azad olunması ilə müəyyən edilir. Bölgədə baş vermiş geosiyasi dəyişikliklər bu andan etibarən və tarix boyunca gənclərin tərbiyəsi, mənəviyyatı, uğuru, mübarizliyi, milli qüruru və vətənpərvərliyi üçün əsas olacaq. Yeni mərhələ yalnız prioritetlər deyil, həm də iş prosesinin özünün yenidən qurulması ilə bağlıdır. Gənclərin və idmançıların maraqları naminə çalışmaq insan kapitalını artıran sistemli iş qurmaq deməkdir. Hər bir sahədə olduğu kimi, gənclər və idman sahələrində də islahatlara ehtiyac duyulur. Vəziyyəti səciyyələndirən göstəricilərin sistemli şəkildə toplanmasına, ekspertlərin analizlərinə və müqayisəli təhlillərə diqqət göstəriləcək. İndi çox sayda görüşlər keçiririk ki, onlar təkcə mütərəqqi deyil, həm də obyektiv qərarlar qəbul etməyə kömək edəcək.

“Bir ay ərzində bir sıra idman federasiyalarında qonaq olduq, ən kütləvi gənclər, ictimai təşkilatların rəhbərləri, mətbuat nümayəndələri ilə görüşdük. Xaricə işgüzar səfərlərim zamanı ölkənin bir qrup gənc sahibkarları ilə tanış oldum. Türk Şurası çərçivəsində “Çoxtərəfli Gənclər Mübadiləsi Proqramı” adlı yeni təşəbbüsə başladıq. İstanbulda keçirilmiş “Texnofest”də iştirak gənclərimizin innovativ elmi və texniki yaradıcılığını dəstəkləmək üçün əhəmiyyətli idi”, - deyə nazir əlavə edib.

Keçirilən görüşlərin həm vəziyyəti öyrənmək, həm də kadr potensialını və ehtiyatlarını qiymətləndirmək məqsədi daşıdığını deyən F.Qayıbov bildirib: “Qərarlar yeniliklər və təcrübə balansını saxlamaqla birlikdə veriləcək. Bundan əlavə, Avropa Gimnastikasının prezidenti kimi, vəzifələrimi yerinə yetirməkdə davam edirəm. Hər iki vəzifə görüləcək işlər haqqında anlayışımı artırır, alətlərlə zənginləşdirir və səmərəliliyi yüksəldir. Əminəm ki, rasional yanaşma səmərəli idarəetmə və davamlı nəticələr üçün yaxşı zəmin olacaq.

Son zamanlar siyasi, sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlər fonunda gənclərin şüurunda əhəmiyyətli dəyişikliklər baş verir. Kütləvi bədən tərbiyəsi və idmanda da müasir yanaşma tətbiq edilməlidir. Çətinlikləri bilirik, problemləri, səbəblərini, əlaqələrini və təsirlərini təyin edirik. Veriləcək qərarlar və əməli hərəkətlər məntiqli, sağlam, başa düşülən, dəstəklənən və məsuliyyətli olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.