CƏMİYYƏT
Fərid Qayıbov gənclər təşkilatlarının rəhbərlərinin fikir və təkliflərini dinləyib
Bakı, 15 oktyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov elm, təhsil və tələbələrlə iş istiqaməti üzrə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb.
Nazir görüşdən əvvəl Binəqədi Gənclər Evinin şəraiti ilə tanış olub, burada təmir-bərpa işləri, gənclər evinin fəaliyyətinin yenidən təşkili ilə maraqlanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gənclər Evinin direktoru Günel Həsənova fəaliyyətin optimallaşdırılması, gənclərin asudə vaxtının təşkili istiqamətində görülən işlər barədə məlumat verib.
Görüşdə təşkilatların fəaliyyət istiqamətləri, onların qarşılaşdıqları çətinliklər, nazirliklə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin gənclərin fəallığının daha da artırılması, xüsusən elm və təhsil sahəsində yeniliklərin tətbiqi və digər mövzularda fikir mübadiləsi aparılıb.
Tədbirdə gənclərin maarifləndirilməsi, yeni peşələrə yiyələnməsi barədə təkliflər səsləndirilib, həyata keçirilmiş və nəzərdə tutulan layihələr barədə məlumat verilib. Fikirləri və təklifləri dinləyən nazir Fərid Qayıbov gənclər təşkilatlarının daha aktiv fəaliyyət göstərməsi, bu istiqamətdə işin bütün ölkəni əhatə etməli olduğunu qeyd edərək müvafiq tövsiyələrini verib.