SİYASƏT
Fərid Şəfiyev: Azərbaycanla bağlı elmi araşdırmaların kəmiyyətini və keyfiyyətini artırmaq niyyətindəyik
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində ilk mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev qurumun fəaliyyəti barədə məlumat verərək deyib: “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 6 fevral tarixli Fərmanı ilə yaradılıb. Dövlətimizin başçısının 2019-cu il 19 aprel tarixli Fərmanı ilə isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq olunub. Mərkəzin fəaliyyətində üç əsas istiqamət müəyyən olunub. İlk növbədə, biz ölkə rəhbərliyi, dövlət qurumları üçün müvafiq arayışlar, məruzələr hazırlayacağıq. İkinci istiqamət Azərbaycanda fəaliyyət göstərən digər düşüncə mərkəzləri ilə əməkdaşlıq ediləcək. Üçüncü istiqamət isə xaricdə mövcud olan beyin mərkəzləri ilə əməkdaşlıqdır. İstərdik ki, Azərbaycanın digər tədqiqat mərkəzləri, eləcə də bu sahə ilə məşğul olan beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq edək və əlaqələndirmə mexanizmi yaradaq. Biz Azərbaycanda baş verən hadisələrə, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün aspektlərə onların diqqətini cəlb etmək istəyirik. Həmçinin Azərbaycanla bağlı elmi araşdırmaların kəmiyyətini və keyfiyyətini artırmaq niyyətindəyik.