SİYASƏT


Fərid Şəfiyev: Biz Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası barədə düşünürük

Tbilisi, 18 yanvar, AZƏRTAC

Ərazi bütövlüyü və suverenliyin bərpası hər bir ölkə, o cümlədən Cənubi Qafqaz ölkələri üçün əsas amildir. Azərbaycan, Gürcüstan və Ermənistanın ərazi bütövlüyü həm də bölgədə sülhün gələcəyidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə keçirilən beynəlxalq konfransda çıxışı zamanı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.

Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra ərazi bütövlüyü məsələsi Avropanın təhlükəsizliyinin təməlini təşkil edib.

F.Şəfiyev deyib: “Digər önəmli məqam milli azlıqların müdafiəsindən ibarətdir. Biz burada həm də Qarabağda yaşayan erməniləri nəzərdə tuturuq. Biz onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası barədə düşünürük və buna hazırıq”.

Mərkəz rəhbəri qeyd edib ki, Azərbaycan, həmçinin Ermənistanda yaşayan azərbaycanlıların məsələsini də qaldırmaq niyyətindədir. Əgər ermənilər Azərbaycanda yaşayırlarsa, inanırıq ki, azərbaycanlılar da vaxtilə olduğu kimi, Ermənistanda yaşaya biləcəklər.

“Bütövlükdə, regionda gələcək sülh Cənubi Qafqazda vaxtilə mövcud olmuş etnik mozaikanın bərpasından keçir”, - deyə F.Şəfiyev vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.