REGİONLAR
Fermer: “Hər hektardan azı 20-22 sentner pambıq istehsal edəcəyik”
Ucar, 25 iyun, AZƏRTAC
Fermer Cavid Əliyev Ucar rayonunda pambıqçılıqla məşğul olur. Cari mövsümdə 35 hektarda əkin aparıb və 10 nəfərlik işçi qüvvəsi ilə hazırda sahələrdə üçüncü kompleks becərmə tədbirlərini həyata keçirir.
AZƏRTAC-ın bölgə müxbirinin becərmə işlərində əsas diqqəti nəyə verirsiniz sualına cavabında fermer C.Əliyev deyib: “Ümumiyyətlə, pambığın becərilmə texnologiyasının vaxtında və düzgün həyata keçirilməsi gələcək yüksək məhsul üçün zəruri şərtdir. Bizim təsərrüfatda, artıq normal çıxış alınıb, seyrəltmə, bitki ətrafındakı torpağın yumşaldılması başa çatdırılıb. Hazırda sahələrə üçüncü kultivasiya çəkilir, pambığın ən qorxulu zərərvericilərindən olan mənənəyə qarşı kimyəvi mübarizə aparılır.
Əlbəttə, sahələrin becərilmə texnologiyasının bundan sonra da keyfiyyətli aparılması xüsusi diqqət mərkəzində olacaq”.
Fermer C.Əliyev sonda “Sahələrin hazırkı vəziyyəti deməyə əsas verir ki, cari ildə hər hektardan azı 20-22 sentner məhsul istehsal edəcəyik”, - deyə bildirib.