REGİONLAR
Fermerlər aqrar sığorta haqqında məlumatlandırılır
Xaçmaz, 1 iyun, Elxan Yusifli, AZƏRTAC
Şimal bölgəsindən olan fermerlər “Aqrar sığorta ilə tanışlıq” mövzusunda seminarlara cəlb olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Dünya Bankı Qrupu və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən birgə həyata keçirilən layihə çərçivəsində təşkil edilən seminarlara ilk olaraq Quba, Qusar və Xaçmazdan olan fermerlər qatılıb.
İyunun 1-də Xaçmazda təşkil olunan seminarda fermerlərə və fermer assosiasiyalarına kənd təsərrüfatı sığortası sisteminin konsepsiyası və əsas prinsipləri təqdim olunub. Bununla yanaşı səmərəli və dayanıqlı aqrar sığorta sisteminin başlıca elementləri, əsas sığortalanan risklər və aqrar sığortanın işlək mexanizmləri haqqında ətraflı məlumatlar verilib.
Seminarlarda iştirakçıların təcrübələri və əsas çağırışları da müzakirə edilib.
Eyni mövzuda seminarlar ölkəmizin digər bölgələrində də təşkil olunacaq.