REGİONLAR
Fermerlər heyvanların süni mayalandırılması zamanı xaricdən gətirilən yüksək keyfiyyətli cinslərə üstünlük verirlər VİDEO
Quba, 2 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Son illər rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, süni yolla mayalandırılmış inəklərdən son 8 ayda 1579 baş sağlam cins buzov alınıb. Fermerlər mayalandırma zamanı daha çox xaricdən gətirilən yüksək keyfiyyətli aberdin-anqus, qara-ala və simmental cinslərə üstünlük verirlər. Bu cins inəklər normal yemləmə şəraitində 30 litrə qədər süd vermək imkanına malikdir.
Qusar rayon ərazisində süni mayalandırma prosesi 5 yerli mütəxəssis tərəfindən həyata keçirilir. Mütəxəssislər lazımi avadanlıq və nəqliyyat vasitəsi ilə təmin olunub.
Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb. Görülən tədbirlər nəticəsində Qusar rayonunda mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb, ət və süd istehsalı artıb.