REGİONLAR
Fermerlər meyvə bağlarının idarə olunması üzrə qısamüddətli təlimlərə qatılacaq
Quba, 27 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qubadakı “Fermer evi”ndə meyvə bağlarının idarə olunması üzrə qısamüddətli təlim kursları təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, təlimlər yanvarın 31-dən fevralın 8-dək, həftədə iki dəfə olacaq.
Bütöv tədarük zəncirini əhatə edəcək kurslarda nümunəvi bağçılıq, intensiv bağçılığa keçid, becərmə və zərərvericilərə qarşı mübarizə, yığım və depolama, logistika və marketinq mövzuları öyrədiləcək.
Kursların hazırlanması Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlığının nəticəsidir. Təlimləri “Consulting Group” MMC və Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin mütəxəssisləri aparacaqlar.
Təlimdə iştirak edəcək fermerlər ekspertlərin təqdimatlarını dinləməklə yanaşı, müvafiq metodiki vəsaitlər əldə edəcək, Quba rayonunda yerləşən nümunəvi bağların fəaliyyətləri ilə tanış olacaqlar.
Regionda meyvə bağlarının salınması və idarəolunması ilə məşğul olmaq istəyən hər bir fermer müraciət edib təlimlərə qatıla bilər. Təlimlər ödənişsizdir.
Fermerlər kurslara yazılmaq üçün əlaqə məlumatları Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az saytından və nazirliyin rəsmi facebook səhifəsindən (https://www.facebook.com/agro.gov.az) öyrənə bilərlər.