REGİONLAR
Fermerlər müasir suvarma sistemlərindən istifadə etməklə sahələrdə quraqlığın qarşısını ala bilərlər
Bakı, 12 fevral, AZƏRTAC
Artıq ölkə ərazisində yağıntılar qeydə alınır, rayonlara qar yağır. Bu isə deməyə əsas verir ki, bitkiçilik sahəsində ciddi problem yaşanmayacaq.
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev "Əlverişsiz iqlim şəraitinin kənd təsərrüfatına təsirləri" mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bir müddət öncə ölkə ərazisində müşahidə olunan əlverişsiz iqlim şəraiti zərərverici və xəstəliklərin özünü büruzə verməsinə gətirib çıxara bilər: “Fermerlər bununla bağlı kimyəvi maddələrdən istifadə etməlidirlər ki, tərəvəzçiliyə ziyan dəyməsin. Bu istiqamətdə müasir suvarma sistemlərindən istifadə edilməklə sahələrdə quraqlığın qarşısı alına bilər. Tərəvəzçilik əsasən suvarma sistemi ilə inkişaf edir. Fermerlər bu tədbirləri görsələr, problem yaranmaz. Zərərvericilərə qarşı vaxtında tədbir görülərsə, suvarmadan istifadə olunarsa, tərəvəzçilik sahəsində problem olmayacaq".