REGİONLAR
Fermerlər sərfəli qiymətə yüksək məhsuldar kartof toxumları ilə təmin olunacaqlar
Bakı, 1 may, AZƏRTAC
Respublikada toxumçuluq sahəsinin inkişaf etdirilməsi məqsədilə Dövlət Toxum Fondu (DTF) ilə Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi (ADİEB) arasında imzalanan birgə əməkdaşlıq haqqında müqaviləyə əsasən Fond tərəfindən Rusiya Federasiyasından idxal olunmuş “Udaça” sortlu birinci reproduksiyalı kartof toxumunun Gədəbəy rayonunda yerləşən və ADİEB-yə məxsus 6 hektar ərazidə əkini həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əkin prosesində iştirak edən DTF-nin mütəxəssisləri yüksək məhsuldarlıq əldə etmək üçün tələb olunan bütün standartlara riayət olunmasına nəzarət ediblər.
Dövlət Toxum Fondu ilə Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi arasında əməkdaşlıqda məqsəd idxal olunmuş birinci reproduksiyalı yüksək məhsuldar kartof toxumunun ikinci reproduksiyasını əldə edərək, ölkə fermerlərinin sərfəli qiymətə həmin toxumlarla tələbatını ödəməkdir.