REGİONLAR


Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər

Kənd Təsərrüfatı Nazirliyi zərərvericilərlə mübarizədə inteqrə olunmuş üsuldan istifadəyə başlayıb

Bakı, 6 may, AZƏRTAC

“Rəqəmsal Kənd Təsərrüfatı” layihəsi çərçivəsində alma meyvəyeyəni (Cydia pomonella) zərərvericisinin monitorinqinin aparılması üçün Quba və Qusar rayonlarında mövcud iqlim stansiyalarının əhatə dairəsindəki 20 təsərrüfatda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun və Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən feromon tələlər quraşdırılıb. Məqsəd fermerlərin əlavə xərclərinin və ətraf mühitə dəyən zərərin azaldılması və məhsuldarlığın artırılmasına nail olmaqdır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fermerlər tələlərin şəkillərini müəyyən olunmuş zaman qrafikində çəkərək nazirliyin mütəxəssislərinə göndərirlər. Temperatur göstəricilərinə əsasən zərərvericinin inkişaf mərhələsini təyin edən modelə və yetkin fərdlərin tələlərdə aşkarlanma sıxlığına əsasən zərərvericinin məhsul itkisinə səbəb olan inkişaf mərhələsi, yəni tırtıl fazası təyin ediləcək. Bu barədə bildirişlər fermerlərə SMS vasitəsilə göndəriləcək. Bununla da fermerlər mübarizə tədbirlərini düzgün vaxtda yerinə yetirərək məhsul itkisini və qeyri-dəqiq pestisid istifadəsini azaldacaqlar.

Qeyd edək ki, alma meyvəyeyəni respublikanın bütün rayonlarında alma və armud bitkiləri üçün təhlükə mənbəyi hesab olunur. Zərərverici kiçik boz kəpənək olub, qanadları açılan zaman böyüklüyü 18-20 mm, eni 10 mm-ə yaxın olur. Yazda, havanın orta gündəlik temperaturu bir neçə gün +10 ℃-dən yuxarı davam etdiyi zaman tırtıllar pup halına keçir. Puplardan uçan kəpənəklər cütləşərək yumurta qoymağa başlayır. Zərərvericinin kənd təsərrüfatında itkilərə səbəb olan inkişaf mərhələsi tırtıl fazasıdır. Yumurtadan çıxmış tırtıllar əksər hallarda kasacıqdan və bəzi hallarda isə yan tərəfdən meyvəyə daxil olaraq tumuna qədər qidalana bilirlər. Bunun nəticəsində meyvə üzərində dəliklər əmələ gəlir və zədələnmiş meyvələrin əmtəəlik keyfiyyəti aşağı düşür. Respublikada alma meyvəyeyəni mövsüm ərzində 2-3 nəsil verir.

Xatırladaq ki, adıçəkilən layihə üçün pilot ərazilər olaraq Quba və Qusar rayonları, meyvə növləri olaraq isə alma, gilas, şaftalı və nektarin seçilib. Bu il aprelin 30-na kimi Quba və Qusar rayonlarında qeyd olunan meyvə təsərrüfatları ilə məşğul olan fermerlərə, ümumilikdə, 9759 SMS bildiriş göndərilib. Növbəti illərdə layihənin digər iqtisadi rayonlarda yetişdirilən əsas meyvə və tərəvəz növləri üzrə tətbiqi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.