İQTİSADİYYAT
Fermerlərə 200 min manatadək güzəştli kredit verilməsi nəzərdə tutulur YENİLƏNİB
Bakı, 24 may, Ramiz Quliyev, AZƏRTAC
Mayın 24-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə güzəştli kreditlərin verilməsi sahəsində şəffaflığı təmin etmək məqsədilə bir sıra bank və bank olmayan təşkilatlarla niyyət protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev kreditlərin verilməsində şəffaflığı təmin etmək, aqrar sahə üçün kreditləri daha əlçatan etməyin qarşıda duran vəzifələrdən biri olduğunu, eləcə də, daha sağlam bank və kredit təşkilatların kənd təsərrüfatı kreditlərinin verilməsinə cəlb etmək üçün banklarla dövlət xidmətinin əməkdaşlığının yenidən nəzərdən keçiriləcəyini vurğulayıb.
Xidmət rəisi qeyd edib ki, aqrar sahənin inkişafı üçün ölkədə fermer və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılması vacibdir. Vurğulanıb ki, ilin sonunadək dövlət xidməti tərəfindən ölkənin kənd təsərrüfatına 10 milyon manat kreditin ayrılması nəzərdən keçirilir. Sözügedən kredit bank və bank olmayan təşkilatların iştirakı ilə həyata keçiriləcək. Ümumilikdə isə fermerlərə minimum 1000 manat, maksimum isə 200 min manat məbləğində kredit verilməsi nəzərdə tutulur. İri fermer təsərrüfatları üçün isə daha böyük həcmdə kreditlərin verilməsi planlaşdırılır. “Sevindirici hal ondan ibarətdir ki, fermerlərin kreditləri almaq, maliyyə çıxışı əldə etmək üçün uzağa getməyə ehtiyac qalmır. Ölkənin müvəkkil bankları bu imkanı təmin ediləcək. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti respublikanın hər bölgəsində fəaliyyət göstərən banklarla əməkdaşlığı genişləndirəcək”.
M.Əliyev əlavə edib ki, ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, kreditləşmə sahəsində də innovasiyaların tətbiqinə geniş yer veriləcək. Rəhbərlik etdiyi qurum müxtəlif dövlət, eyni zamanda, beynəlxalq qurumlarla yeni yanaşmaların üzərində işləyir. Kreditlərin verilməsi sahəsində girovların qoyulması mexanizmləri üzərində də müvafiq qurumlarla əməkdaşlıq ediləcək, bu istiqamətdə beynəlxalq təcrübədən yararlanacaq.
Dünya Bankının Azərbaycandakı ofisinin nümayəndəsi Rufiz Çıraqzadə bildirib ki, kənd təsərrüfatı sahəsi Dünya Bankı üçün həmişə prioritet sahələrdən biri olub. Bankın dəstəyi ilə Azərbaycanda keçirilən layihələr bu sektorun müxtəlif sahələrini əhatə edib.
Azərbaycanın aqrar sektoru üçün yeni maliyyə məhsullarının təqdim edilməsinin zəruriliyindən söz açan Dünya Bankının nümayəndəsi nəzərə çatdırıb ki, bu sahədə respublikanın böyük imkanları var. Amma bundan istifadə etmək üçün bəzi məsələləri həll etmək lazımdır. Onun fikrincə, bunlardan biri biznesin maliyyə ehtiyatlarına çıxışının sadələşdirilməsidir.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Azərbaycanın kənd təsərrüfatı sektorunun son illərdə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, aqrar sahənin inkişafı ilə əlaqədar dövlət siyasətinin əsas istiqamətləri ərzaq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, ərzaq təhlükəsizliyini gücləndirmək və ixrac potensialını artırmaqla ölkəni əsas ixracatçı ölkələr sırasına gətirməkdir.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti “Azərbaycan Beynəlxalq Bankı” ASC, “PAŞA Bank”ASC, “Kapital Bank ASC”, “Turan Bank” ASC, “Rabitəbank” ASC, “Aqrarkredit QSC BOKT, “Finoko” BOKT ASC, “Finans İnvest” BOKT ilə güzəştli kreditlərin verilməsi sahəsində şəffaflığı təmin etmək məqsədilə niyyət protokolları imzalayıb.