REGİONLAR
Fermerlərə yüksək məhsuldar xaşa toxumları təqdim olunur
Bakı, 13 mart, AZƏRTAC
Dövlət Toxum Fondu tərəfindən Rusiya Federasiyasından “Pesçanıy 1251” sortlu, birinci reproduksiyalı xaşa toxumu idxal olunub. Bu bitki sortunun toxumları ölkənin iqlim şəraitinə daha çox uyğun olmaqla yanaşı, quraqlığa davamlı və yüksək məhsul vermək xüsusiyyətinə malikdir. İdxal edilmiş toxumlar Şəki şəhərində yerləşən anbardan fermerlərə təklif olunur.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Fond tərəfindən təklif olunan bu toxumlar artıq Sabirabad, İsmayıllı, Quba və Saatlı rayonlarında fəaliyyət göstərən arıçılar və fermerlər tərəfindən əldə olunub. Satışı həyata keçirilən toxumların müşayiətedici sənədləri və toxumluq olması barədə sertifikatları da var. Bu da onların əkin keyfiyyətinin yüksək olması ilə yanaşı, gələcəkdə toxumçular tərəfindən istehsal edilən məhsulun toxum kimi istifadəsinə imkan yaradır.
Xaşa bitkisi ölkənin suvarılan aran və dağətəyi rayоnlarında dəmyə şəraitində əkilən çoxillik bitkidir. Bu bitkinin tərkibinin protein, zülal və mineral maddələrlə zəngin olması, heyvandarlıqda onun yem kimi istifadəsini çox əlverişli edir. Xaşa bitkisi, həmçinin torpaq münbitliyinə müsbət təsir göstərdiyi üçün dənli və başqa kənd təsərrüfatı bitkilərinin əkinində ən yaxşı sələf funksiyasını yerinə yetirir. Bununla yanaşı, bu bitki nektar ifraz etməklə baltutan nektar mənbəyi sayılır və arıçılar tərəfindən geniş istifadə olunur.