İQTİSADİYYAT
Fermerlərlə növbəti müzakirələr aparılıb
Bakı, 27 aprel, AZƏRTAC
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərin ehtiyaclarının öyrənilməsi məqsədilə onlayn görüş keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA), Aqrar Sığorta Fondunun və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri və 30-dək sahibkarlıq subyekti iştirak edib.
Görüşdə əkin sahələrinin suvarılması zamanı yaranan problemlər, güzəştli kreditlərin alınması, artezian quyularının qazılması və subsidiyaların verilməsi barədə sahibkarların sualları ətrafında müzakirələr aparılıb, Aqrar Sığorta Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsinə dair təqdimat keçirilib.