İDMAN
Fernando Alonso: Azərbaycanda mümkün qədər çox xal toplamağa çalışacağıq
Bakı, 25 aprel, AZƏRTAC
“Maklaren” komandasının pilotu Fernando Alonso qarşıdakı Formula 1 Azərbaycan Qran-Prisi barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, “Maklaren” bolidi Bakıda sürətini əsaslı şəkildə artıra bilməz.
AZƏRTAC xəbər verir ki, Fernando Alonsonun sözlərinə görə, keçən il Bakıda keçirilmiş yürüş çox yaddaqalan olub. O deyib: “O vaxt mövsümdə ilk xallarımızı topladıq və təbii ki, həmin nəticəni bu dəfə də təkrarlamaq istəyirik. Doğrudur, Formula 1 təqvimində Bakı trası yaxın vaxtlarda yaranıb, lakin pilotların çoxu onu ən yaxşı traslardan biri hesab edir. Bu, çempionatın ən sürətli və ən uzun şəhər trasıdır. Bu trasda pilotların və bolidlərin işi asan deyil, lakin bu da Qran-Prinin cəlbedici cəhətidir”.
Fernando Alonso daha sonra deyib: “Harada hələ əlavə iş aparmaq lazım olduğunu bilirik. Biz hər uik-end zamanı müəyyən yeni elementlər daxil edirik, lakin Bakıda sürətin əsaslı şəkildə dəyişəcəyini gözləmirəm. Hər dəfə trasa çıxanda maşını daha yaxşı başa düşürük. Azərbaycanda mümkün qədər çox xal toplamağa çalışacağıq”.