İDMAN
Fernando Alonso “Dakar-2020” ralli-reydində çıxış edəcək
Bakı, 25 oktyabr, AZƏRTAC
Fernando Alonso İspaniyada mətbuat konfransında rəsmən təsdiq edib ki, “Toyota Gazoo Racing” zavod komandasının heyətində məşhur “Dakar” ralli-reydində iştirak edəcək.
Onun şturmanı məşhur motopilot Mark Koma olacaq. Fernando onunla CAR və Mərakeşdə iki ralli-reyddə iştirak edib.
İlk dəfə Səudiyyə Ərəbistanında keçiriləcək yürüş 2020-ci ilin yanvarında start götürəcək. Beləliklə, hazırlaşmağa Fernandonun iki aydan azacıq çox vaxtı qalır. Xatırladaq ki, ilk iki yürüş Alonso üçün qəzalarla bitib.
Fernando Alonso deyib: “Toyota” komandası mənim üçün çox cəlbedici variant olub. Formula 1-dən sonra dünyanın Le-Man kimi ən xarizmatik yürüşlərində çıxışlarımın yeni mərhələsi başlayıb. Nəticədə mənim başqa variantlar barədə də düşüncələrim yaranıb.
“Dakar” ən mürəkkəb yürüşlərdən biridir və karyeram ərzində üzləşdiyim ən çətin yürüşdür. Hər şeyi sıfırdan başlamaq lazım gəlir. Lakin mən düşünürəm ki, düzgün mühitdə və münasib komandada bu, tamamilə realdır. “Toyota” əla komandadır. Mən təkcə pilot kimi deyil, həm də insan kimi daha yaxşı olmaq üçün qalan pilotlardan öyrənə biləcəyəm”.
Alonso çox güclü komandanın heyətindədir. “Toyota”nın cəmi dörd zavod heyəti starta çıxacaq. Komandada Alonso ilə bərabər, “Dakar”ın üçqat qalibi Nasser əl-Attiya, “Dakar”2009”un qalibi Jinal de Vilyers və ən güclü holland pilotlardan biri Bernhard Ten Brinke təmsil olunacaqlar.