REGİONLAR
Fərqlənən təhsil işçilərinə diplom və hədiyyələr təqdim edilib
Göyçay, 5 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Beynəlxalq Müəllimlər Günü münasibətilə Göyçay rayonunun təhsil işçiləri oktyabrın 5-də ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, əlamətdar gün münasibətilə keçirilən tədbirdə çıxış edənlər Göyçayın orta ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verildiyini bildiriblər. Diqqətə çatdırılıb ki, hazırda rayonun orta məktəblərində 15 min 153 şagirdin təlim-tərbiyəsi ilə 2741 müəllim, 34 məktəbəqədər tərbiyə müəssisələrində isə uşaqların tərbiyəsi ilə 209 tərbiyəçi məşğul olur. Fənn kurikulumlarının tətbiqi ilə əlaqədar rayonun 1500-ə yaxın müəllimi treninqlərdə iştirak edərək müvafiq sertifikat alıb. Rayon məktəbliləri respublika səviyyəli bilik yarışlarında, fənn olimpiadalarında, idman turnirlərində uğurla çıxış edirlər. Məlumat verilib ki, cari ildə Göyçayın orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında müvəffəqiyyət qazanan məzunlardan 1021 nəfəri tam orta təhsil kursu üzrə attestat alıb. Uğurlar daha çox ali məktəblərə qəbul imtahanlarında özünü göstərib. Bu il göyçaylı məzunlardan 619 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib. Onlardan 308 nəfəri tələbə adını qazanıb. Abituriyentlərdən 83 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Ali məktəblərə daxil olan abituriyentlərdən 68 nəfəri 500-dən yuxarı, 21 nəfəri 600-dən yuxarı bal toplayıb.
Tədbirdə müəllim əməyinin qiymətləndirilməsinə də diqqət yetirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müəllimlərdən 6 nəfərin “Əməkdar Müəllim”, 7 nəfərin “Tərəqqi” medalı, 4 nəfərin “Təhsil əlaçısı” döş nişanı ilə təltif edilməsi, müxtəlif fəxri adlara, orden və medallara layiq görülməsi Göyçay rayon təhsil işçilərinin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilib.
Sonda işində fərqlənən təhsil işçilərinə diplom və hədiyyələr təqdim olunub.