İDMAN
“Ferrari”nin rəhbəri: Mühərriklər Bakıdan Maranellodakı bazaya qaytarılacaq
Bakı, 14 iyun, AZƏRTAC
Formula 1 çempionatının Azərbaycan Qran-Prisi “Ferrari” komandası üçün oyundan ikiqat çıxışla nəticələndi.
AZƏRTAC xəbər verir ki, komandanın rəhbəri Mattia Binotto yaranan problemin səbəbinin mühəndislər tərəfindən aşkarlanacağına və gələcəkdə bunun təkrarlanmaması üçün tədbirlər görüləcəyinə əminliyini bildirib.
Komanda rəhbəri deyib: “Titul uğrunda mübarizədə sürət kimi etibarlılıq da əsas amillərdəndir. Ötən qış bu maşını hazırlayarkən komandanın nə qədər gərgin işləməsini xatırlayıram. Biz əmin olduq ki, mütləq mənada etibarlılığa nail olanadək bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik.
İlk yürüşlərdən sonra eyforiyaya düşmədiyimizə görə, biz indi də boşluq hiss etmirik. Komanda problemi həll etmək və gələcəkdə daha güclü olmaqdan ötrü konsentrasiyanı qoruyub saxlayır və çox işləyir.
İndi bizə Bakıdakı problemin əvvəllər qarşılaşdığımız problemlərlə bağlı olub-olmamasını təhlil etmək üçün vaxt lazımdır. Hazırda mən bunu bilmirəm. Hər şeyi araşdırmalıyıq ki, bizim güc qurğumuz gələcəkdə daha yaxşı olsun. Mühərriklər Bakıdan Maranellodakı bazaya qaytarılacaq, onları ətraflı öyrənib, hər şeyi araşdıracağıq. Şübhə etmirəm ki, komandamız problemin həllini tapacaq. Biz çətinlikləri adlamaq bacarığımızı artıq sübut etmişik”.