İDMAN
Ferstappen F1 Braziliya Qran-Prisinin qalibi olub
Bakı, 18 noyabr, AZƏRTAC
San-Paulu avtodromunda Formula q dünya çempionatının növbəti mərhələsi – Braziliya Qran-Prisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələnin qalibi “Red Bull” komandasının pilotu Maks Ferstappen olub. “Toro Rosso”nun yürüşçüsü Pyer Qasli ikinci, “Mercedes”in pilotu Luis Hemilton isə üçüncü yeri tutublar.
“Mercedes”in pilotu Luis Hemilton Braziliya Qran-Prisinin finişində “Red Bull” komandasının pilotu Aleksander Albonla insidentə görə vaxtına beş saniyə əlavə edilərək cərimələnib. Bu cəza Hemiltonun yürüşün finişindəki üçüncü yerdən yeddinci yerə geriləməsinə səbəb olub. Beləliklə, yürüşün yekunlarına görə, üçüncü pillədə “McLaren” komandasının pilotu Kalos Sayns qərarlaşıb.
“Ferrari” komandasının pilotları Sebastyan Fettel və Şarl Lekler bir-biri ilə toqquşub və yürüşü başa çatdıra bilməyiblər. “Mercedes” komandasının digər pilotu Valtteri Bottasın bolidinin isə motoru yanıb. Onun maşından təxliyəsi üçün təhlükəsizlik avtomobili göndərilib və məhz bundan sonra trasda maraqlı hadisələr baş verib: “Ferrari”nin qəzaya uğraması və Hemiltonun Albonla toqquşması da buna daxildir.
Beləliklə, Maks Ferstappen Braziliya Qran-Prisinin qalibi olub. Bu, onun karyerası ərzində səkkizinci, cari mövsümdə isə üçüncü qələbəsidir. Pilot şəxsi hesabda da üçüncü yerə yüksəlib. Pyer Qasli finişə ikinci çatıb və karyerasında ilk dəfə olaraq podiuma qalxıb.
Formula 1-in 2019-cu il mövsümü iki həftədən sonra keçiriləcək Əbu-Dabi Qran-Prisi ilə başa çatacaq.