İDMAN
Festival: Azərbaycan idmançıları cüdo yarışlarının üçüncü gününü 1 qızıl və 1 bürünc medalla başa vurublar
Bakı, 26 iyul, Leyla Qurbanova, AZƏRTAC
İyulun 26-da Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının üçüncü gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların üçüncü günündə Azərbaycanın cüdo komandası 1 qızıl və 1 bürünc medal qazanıb.
Yarışların üçüncü günündə qızlar 70 və 70 kiloqramdan yuxarı, oğlanlar 81, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparıblar. Gün ərzində Azərbaycanın dörd idmançısı qüvvəsini sınayıb.
Komandamızın aktivinə qızıl medalı Hüseyn Məmmədov (+90 kq) qazandırıb. İdmançımız finalda rusiyalı Əhməd Maqomedova qalib gələrək festivalın çempionu olub.
Qeyd edək ki, H.Məmmədov səkkizdəbir finalda Almaniya təmsilçisi Daniel Udsilauriyə ippon, dörddəbir finalda yunanıstanlı Aristotelis Aris Leonidisə vazari xalı ilə qalib gəlib. İdmançımız yarımfinalda moldovalı Alin Bagrini ipponla məğlub edib.
Komandamızın digər üzvü festivalın bürünc medalına layiq görülüb. Oğlanların mübarizəsində üçüncü yer uğrunda döyüşən Məhərrəm İmamverdiyev (81 kq) israilli İftaç Badaşı vazari xalı ilə məğlub edərək bürünc medala sahib olub. O, təsəlliverici görüşlərdə əvvəlcə isveçli Karl Baathı vazari xalı, daha sonra slovakiyalı Ret Samuelİ ipponla məğlub edib.
Xatırladaq ki, cüdo yarışlarının birinci və ikinci günlərində Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalı ölkəmizin aktivinə Turan Bayramov (60 kq), gümüş medalı Vüqar Talıbov (73 kq), bürünc medalları isə Şükran Zamanlı (55 kq) və Gülşən Bəşirova (44 kq) yazdırıblar.
İyulun 27-də qarışıq komanda yarışları keçiriləcək.
Festivalda 40 ölkədən 297 cüdoçu mübarizəyə qoşulub. Azərbaycan bu nüfuzlu turnirə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə qatılıb.