İDMAN
Festivalın həndbol yarışlarında qrup mərhələsinə yekun vurulub
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də XV Avropa Gənclər Olimpiya Festivalında qızlar və oğlanlar arasında həndbol yarışlarının qrup mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qızların yarışının sonuncu görüşlərində A qrupunda yer alan komandalar qarşılaşıblar. Fransa yığması Rumıniyanı (28:24), Hollandiya isə İspaniyanı (33:32) məğlubiyyətə uğradıb.
Oğlanların yarışında qrup mərhələsinin sonuncu oyunlarında A qrupunda Danimarka millisi Almaniyanı 34:27 hesabı ilə məğlubiyyətə uğradıb. Digər oyunda isə həndbolçularımız serbiyalı rəqiblərinə böyük fərqlə uduzublar – 9:39.
Xatırladaq ki, həndbol yarışlarının üçüncü günündə qızların mübarizəsində B qrupunda Azərbaycanın həndbolçuları çexiyalı rəqiblərinə 17:33 hesabı ilə məğlub olublar. Macarıstan millisi isə İsveçrə yığmasını 28:20 hesabı ilə məğlubiyyətə uğradaraq ardıcıl üçüncü qələbəsini qazanıb.
Beləliklə, qızların yarışında A qrupunda hər ikisinin 4 xalı olan Hollandiya birinci, Fransa isə ikinci pillədə qərarlaşıb. Rumıniya 3 xalla üçüncü, İspaniya isə 1 xalla dördüncü sırada yer alıb. B qrupunu aktivində 6 xal olan Macarıstan seçməsi birinci sırada başa vurub. İsveçrə 4 xalla ikinci, Çexiya isə 2 xalla üçüncüdür. Hər üç oyunda məğlub olan həndbolçu qızlarımız qrupda sonuncu pillədə qərarlaşıblar.
Oğlanların yarışının üçüncü günündə isə B qrupunda Xorvatiya yığması İslandiya millisindən üstün olub – 24:21. Digər oyunda Fransa həndbolçuları Sloveniya təmsilçilərini 30:29 hesabı ilə məğlubiyyətə uğradıblar.
Festivalda oğlan həndbolçuların yarışında 6 xal toplayan Danimarka yığması A qrupunu birinci sırada başa vurub. Almaniya yığması 4 xalla ikinci pillədə qərarlaşıb. İki xalı olan Serbiya üçüncü, hər üç oyunda uduzan həndbolçularımız isə sonuncu olublar. B qrupunda üç oyundan 4 xal toplayan Fransa seçməsi birinci olub. Xorvatiya və İslandiyanın 3, Sloveniyanın isə 2 xalı var.
Həndbol yarışlarında pley-off mərhələsinin görüşləri iyulun 26-da oynanılacaq. Yarışlara festivalın sonuncu günündə - iyulun 27-də yekun vurulacaq.