İDMAN
Festivalın qadınlar arasında voleybol yarışında ikinci finalçı Rumıniya yığması olub
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların mübarizəsində ikinci yarımfinal oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil edilən qızların yarışında ikinci yarımfinal matçında İtaliya və Rumıniya yığması finala vəsiqə qazanmaq üçün meydana çıxıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 3:2 (20:25, 25:23, 25:21, 16:25, 15:13) hesabı ilə Rumıniya seçməsinin xeyrinə başa çatıb. Festivalın finalına adlayan rumıniyalı voleybolçular qızıl medallar uğrunda qarşılaşmada Rusiya komandası ilə üz-üzə gələcək. İtaliya yığması isə Türkiyə millisi ilə bürünc mükafata yiyələnmək üçün görüşəcək. Final və üçüncü yer uğrunda qarşılaşmalar iyulun 27-də keçiriləcək.
Azərbaycan Voleybol Mərkəzində keçirilən qızların mübarizəsində isə növbəti görüş 5-8-ci yerlər üçün Almaniya və Bolqarıstan komandaları arasında oynanılıb. Görüşdə daha güclü olan Almaniya idmançıları rəqiblərini məğlubiyyətə uğradıblar - 3:0 (25:19, 25:23, 25:17). Beləliklə, Almaniya milli Belarusla 5-6-cı, Bolqarıstan seçməsi isə 7-8-ci yerlər uğrunda Ukrayna ilə mübarizə aparacaq.