İDMAN
Festivalın voleybol yarışlarında İtaliyanın kişilərdən ibarət komandası finala vəsiqə qazanıb
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların mübarizəsində dördüncü yarımfinal oyunu yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən oğlanların yarışında sonuncu yarımfinal görüşü B qrupunun lideri olmuş İtaliya və A qrupunun ikincisi Belarus yığmaları arasında oynanılıb. Oyunda 3:1 (25:18, 22:25, 25:23, 25:18) hesabı ilə İtaliya komandası qələbə qazanaraq həlledici görüşə vəsiqəni təmin edib.
Festivalın finalında italiyalı voleybolçular yarışların qızıl medalları uğrunda matçda Belçika ilə üz-üzə gələcək. Belarus millisi isə bürünc mükafat üçün görüşdə Rusiya komandası ilə oynayacaq.
Azərbaycan Voleybol Mərkəzində keçirilən oğlanların mübarizəsində isə 5-8-ci yerlər üçün sonuncu görüşdə Azərbaycan voleybolçuları Bolqarıstan yığmasını sınağa çəkiblər. Oyunda Bolqarıstan yığması qələbə sevinci yaşayıb - 3:0 (25:19, 25:21, 25:16). Beləliklə, Bolqarıstan komandası 5-6-cı yer uğrunda Çexiya, Azərbaycan seçməsi isə qrup mərhələsində məğlub olduğu Almaniya ilə 7-8-ci yerlər üçün yenidən qarşılaşacaq.
Oyunlar festivalın sonuncu günü iyulun 27-də keçiriləcək.